Lizinq Müqaviləsinin Proseduru

Lizinq üçtərəfli sazişdir. Çünki lizinq sövdələşməsinin iştirakçıları əsas üç şəxsdən ibarət olur: lizinq verən (lizinq şirkəti), lizinq alan (müştəri) və lizinqə veriləcək avadanlığın satıcısı (Təchizatçı). Lizinq verən müqaviləsinin reallaşdırılması prosesində cəlb edilmiş vəsaitlər və (və ya) şəxsi vasaitləri hesabına əmlakı mülkiyyətə alan və onu lizinq predmeti kimi müəyyən ödənişlə, müəyyən müddətə və müəyyən şərtlərlə lizinq alana müvəqqəti istifadəyə və lizinq müddəti bitdikdə mülkiyyət hüququnun lizinq alana keçməsi şərtilə istifadəyə verən hüquqi şəxsdir. Lizinq alan müqaviləyə əsasən lizinq predmetini müəyyən ödənişlə, müəyyən müddətə və müəyyən şərtlərlə müvəqqəti istifadəyə götürməyə borclu olan fiziki və ya hüquqi şəxsdir. Satıcı isə lizinq verənlə alqı-satqı müqaviləsinə əsasən lizinq alanın seçdiyi əmlakı şərtləşdirilmiş müddətdə satan fiziki və ya hüquqi şəxsdir. Ona görə lizinq sövdələşməsində ən azı iki müqavilənin bağlanması nəzərdə tutulur: lizinqverənlə (lizinq şirkəti) və lizinqalan arasında (müştəri) lizinq müqaviləsi; lizinqverən və avadanlığın satıcısı(təchizatçısı) arasında alqı-satqı müqaviləsi. Avadanlığın satıcıları (təchizatçıları) müştərinin (lizinqalanın) özü tərəfindən seçilir.

Lizinq müqaviləsinə əsasən lizinq verən lizinq alanın müəyyən satıcıdan seçdiyi əmlakı mülkiyyətə almağı və həmin müəyyən ödənişlə və sonuncuya əmlaka dair mülkiyyət hüququnu vermək şərtilə lizinq alanın istifadəsinə verməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin predmeti isə qüvvədə olan təsnifata əsasən əsas vəsaitlərə aid edilən istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülki dövriyyədən çıxarılmış və ya məhdudiyyət qoyulmuş obyektlər istisna olmaqla.

Lizinq müqaviləsi aşağıdakı 11 mərhələdən ibarət olan bir mürəkkəb prosesdir:

1. Lizinq müraciəti - potensial lizinq alan onu maraqlandıran obyektin geniş təsvirini verməklə lizinq müraciətinin formasını doldurur;
2. Müraciətə baxılması - müraciətə lizinq şirkəti tərəfindən baxılır;
3. Müraciətin təsdiqlənməsi - müraciət lizinq şirkətinin kredit komitəsi tərəfindən təsdiq edilir;
4. Lizinq müqaviləsinin bağlanması - lizinq alanın müraciəti təsdiq edildikdən sonra lizinq verən və lizinq alan arasında lizinq müqaviləsi bağlanır;
5. Alqı-satqı müqaviləsinin bağlanması - lizinq verən və satıcı arasında alqı-satqı müqaviləsi bağlanır;
6. Lizinq obyektinin əldə edilməsi - lizinq verən lizinq obyektini lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə vermək üçün onu mülkiyyət hüququ ilə əldə edir;
7. Sığorta - lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmadıqda satıcı lizinq obyektini sığortalamalıdır;
8. Lizinq obyektinin lizinq alana verilməsi - lizinq verən və lizinq alan lizinq obyektinin lizinq alana verilməsini təsdiq edən qəbul protokolunu imzalayırlar;
9. Lizinq ödənişləri - lizinq alan lizinq obyektindən istifadəyə görə mütəmadi olaraq lizinq ödənişlərini həyata keçirir;
10. Monitorinq maliyyə nəzarəti - lizinq verən lizinq obyektinin vəziyyətini və lizinq alanın maliyyə vəziyyətini lizinq müqaviləsi ilə müəyyən edilmiş qaydada yoxlayır;
11. Mülkiyyət hüququnun lizinq alana keçməsi - lizinq müqaviləsi ilə nəzərdə tutulmuş hallarda lizinq obyekti lizinq alanın mülkiyyətinə keçə, yaxud lizinq alan lizinq obyektini satın ala bilər.

Lizinq müddəti əsasən daha uzun olur!

Lizinq verən lizinq obyektini lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə vermək üçün onu mülkiyyət hüququ ilə əldə edir.