“Lizinq” sözü ingilis mənşəlidir və “to lease” felindən əmələ gələrək - əmlakı müvəqqəti istifadəyə götürmək və vermək mənasını verir.Lizinq müqaviləsinə görə lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir. Bir az da konkret ifadə etsək lizinq sənaye avadanlıqlarının, maşınların, yeni texnologiyaların, istehsal təyinatlı bina və tikililərin istifadəsinin xüsusi sahibkarlıq fəaliyyəti formasıdır. Bu mənada lizinq özündə bank krediti, icarə və investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksi və bir maliyyə xidmətidir.
Lizinq və icarə anlayışları arasında oxşar cəhətlər çoxdur. Lakin onlar eyni anlayışlar sayıla bilməzlər. Belə ki, icarə əmlakın başqa şəxsin (icarəçinin) müvəqqəti sahibliyinə və istifadəsinə verilməsidir. İcarə zamanı icarəçi əmlakdan istifadə etməklə yanaşı ondan bəhrə götürmək hüququna malikdir. İcarə münasibətləri ikitərəfli xarakter daşıyır. Lizinq - əmlakın başqa şəxsin (lizinq alanın) müvəqqəti sahibliyinə və istifadəsinə verilməsidir. Lizinq üçtərəfli münasibətdir. Lizinqin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, lizinq verən əmlakı lizinqə vermək üçün onu mülkiyyət hüququ əsasında əldə etməli və ya hazırlamalıdır. əgər lizinqə verilən əmlak artıq lizinq verənin mülkiyyətindədirsə, əmələ gələn hüquq münasibəti icarə (kirayə) kimi qiymətləndiriləcəkdir.
Mülkiyyət hüququnun satıcıdan alıcıya keçdiyi alqı-satqı müqvilələrindən fərqli olaraq lizinq müqvilələrində mülkiyyət hüququna icarəçi sahib olur. İcarədar isə, onun müvəqqəti sahibi olur. Lizinq müqaviləsinin müddəti bitdikdən sonra lizinq alan müqvilə obyektini razılaşdırılmış qiymətlə əldə edə, lizinq müqviləsinin vaxtını uzada və ya avadanlığı və ya maşını sahibinə geri qaytara bilər. Lizinqin xüsusiyyətlərindən biri də lizinq alanın alqı-satqı müqaviləsi üzrə tələblərin birbaşa əmlakın satıcısına qarşı irəli sürülməsi hüququna malik olmasıdır.
İqtisadi nöqteyi nəzərdən lizinq avadanlıq alınması üçün təqdim olunan kreditlə oxşardır. Kredit vermə zamanı borc alan borcu bağlamaq üçün müəyyən edilmiş tarixlərdə əsas fondlara ödənişlər daxil edir, bununla belə ssidanın tam ödənilməsinə qədər kreditə verilən obyektin mülkiyyət hüququnu bank özündə saxlayır. Lizinq zamanı icarədar müqavilənin müddəti bitdikdən sonra, icarəyə götürülmüş əmlakın qiyməti tam ödənildikdən sonra əmlakın sahibi olur. Bu zaman lizinqin maliyyə və operativ növləri yarana bilər ki, bu barədə bir qədər sonra ətraflı bəhs edəcəyik.